Sahil kollektoru yenidən qurulur: 7.6 kilometr xətt çəkilib – AzTV-nin reportajı

15 Yanvar, 2026

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən su ehtiyatlarının səmərəli idarə olunması, əhalinin dayanıqlı içməli su təchizatı, tullantı və yağış sularının təhlükəsiz şəkildə daşınması istiqamətində genişmiqyaslı layihələrin icrası davam etdirilir. Hazırda paytaxt və ətraf ərazilərdə, eləcə də digər regionlarda içməli su təchizatı və kanalizasiya sistemlərinin qurulması və yenilənməsi üzrə nəzərdə tutulan layihələrin tikinti-quruculuq işləri plan üzrə aparılır.
Layihələrin icrası yeni infrastrukturun formalaşdırılmasına, mövcud sistemin təkmilləşdirilməsinə və şəbəkələrin ötürücülük qabiliyyətinin artırılmasına xidmət edəcək. Eyni zamanda tullantı sularının maneəsiz daşınması təmin olunacaq, subasma hallarının qarşısı alınacaq və sistemin istismar səviyyəsi yüksəldiləcək.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Bakı şəhəri və Abşeron rayonunda yeni kanalizasiya kollektorları və tullantı sular üçün sutəmizləyici qurğularının tikintisi layihələrinə başlayıb.
Layihələrdən biri Sahil kollektorunun yenidən qurulmasıdır.
Kollektor paytaxtın mərkəzində formalaşan tullantı sularının səmərəli idarə edilməsinə və Bakı buxtasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək.
Layihə “Dəniz Moll”un qarşısından başlayır və Nargilə kafesinin aşağısındakı mövcud nasosxanada bitir. Layihə mikro tunel olaraq tikiləcək. 
Ümumi uzunluğu 9768 (təxminən 9,8 km) paqonometr olan diametri 2000 mm dəmir-beton borudan inşa edilən mikro tunelin 7594 (təxminən 7,6 km) paqonometr hissəsi çəkilib. 
Xəttin üzərində 21 şaxta tikiləcək. Hazırda 7 şaxtanın tikintisi aparılır. 
Tikinti işlərinin 2028-ci ildə tamamlanması nəzərdə tutulub.
Bu tipli layihələr, xüsusilə mikrotunel texnologiyası ilə qurulan kanalizasiya şəbəkələri müasir və dayanıqlı olması ilə seçirilir, geniş ərazilərdə qurulma imkanı və əhalinin məmnunluq səviyyəsinin yüksəldilməsinə şərait yaradır. 
Görülən işlər yeni kollektorlar vasitəsilə daşınan tullantı suların sutəmizləyici qurğulara ötürülməsi və təmizlənməsinə, su hövzələrinin çirklənməsinin qarşısının alınmasına xidmət edəcək. 

Digər